İlk səhifə » Hüquqi baza » ASTİRK-in nizamnaməsi

AZƏRBAYCAN RESPUBLİKASI SU TƏSƏRRÜFATI İŞÇİLƏRİ  HƏMKARLAR İTTİFAQI RESPUBLİKA KOMİTƏSİNİN
N İ Z A M N A M Ə S İ

 (2-ci redaksiyada)

 

 

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1.  Azərbaycan Su Təsərrüfatı  İşçiləri Həmkarlar İttifaqı, qısa adı “Azərsu” Həmkarlar İttifaqı (bundan sonra “Həmkarlar İttifaqı” adlanacaq), öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşələr, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyi olub və bu Nizamnamə və Qanun əsasında fəaliyyət görstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.

1.2. Həmkarlar İttifaqı öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyaslna, qanunvericiliyinə, qəbul edilmiş beynəlxalq hüquq normalarına, bu Nizamnaməyə və Həmkarlar İttifaqının bağladığı müqavilələrlə uyğun surətdə həyata keçirir.

1.3. Həmkarlar İttifaqı öz fəaliyyətində Dövlət və təsərrüfat orqalnarından, sahibkarlar və onların birliklərindən, ictimai və siyasi təşkilatlardan asılı deyil, onlara hesabat vermir və onlar tərəfindən nəzarət olunmur, onlarlar münasibətini bərabər əçəkdaşlıq əsasında qurur.

1.4. Həmkarlar İttifaqı müstəqil surətdə öz Nizamnaməsini, fəaliyyət proqramını hazırlayır və təsdiq edir, strukturlarını müəyyənləşdirir, rəhbər və idarəedici orqanı seçir, öz fəaliyyətini təşkil edir, iclaslar, məclislər, konfranslar və qurultaylar keçirir, öz təşkilatı və maliyyə sərbəstliyini saxlayaraq respublikanın digər sahə həmkarlar ittifaqları ilə əməkdaşlıq edir, könüllü surətdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibinə daxil olur.

1.5. Həmkarlar İttifaqı beynəlxalq həmkarlar hərəkatında iştirak edir, öz istəyi ilə beynəlxalq həmkarlar ittifaqı birliklərinə daxil olur, digər ölkələrin həmkarlar ittifaqı ilə əməkdaşlıq edir.

1.6. Həmkarlar İttifaqının hüquqi ünvanı: Bakı şəhəri, Moskva prospekti, 67.

1.7. Həmkarlar İttifaqı Ədliyyə Nazirliyində 15.02.2000-ci il tarixdə 1253 nömrə ilə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin Birləşmiş Həmkarlar İttifaqı adı ilə dövlət qeydiyyatına alınmışdır, 31.05.2005-ci ildən adı dəyişdirilərək “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Birləşmiş Həmkarlar İttifaqı olmuşdur. Hazırda isə Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı adlanır.

 

II. HƏMKARLAR İTTİFAQININ MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

2.1. Həmkarlar İttifaqı respublikasının su təsərrüfatı sahələrində çalışan işçilərin maddi və sosial vəziyyətlərinin yaxşılaşmasına, layiqli həyat səviyyəsinə çatmasına çalışır.

2.2. Həmkarlar İttifaqı:

- dövlət və təsərrüfat idarələrində, məhkəmə orqanlarında, işəgötürən və sahibkar birliklərində, ictimai təşkilatlarda öz üzvlərinin və təşkilatlarının qanuni hüquq və mənafelərini müdafiə edirI;

- dövlət siyasətində su təsərrüfatı sahələrin inkişafına üstünlük verilməsini tələb edir, sosial-iqtisadi siyasətin formalaşmasında, əmək və sosial-iqtisadi məsələlər sahəsində qanun layihələrinin və digər normativ aktların hazırlanmasında iştirak edir;

- əmək və məişət şəraitinin yaxşılaşdırılmasına, həmkarlar ittifaqı üzvlərinin sağıamlığının möhkəmləndirilməsinə dair təkliflər verir;

- su təsərrüfatı və müvafiq sahələrin işçilərinin məşğulluğuna dair dövlət siyasətinin formalaşmasında iştirak edir; məşğulluq sahəsində mövcud qanunvericiliyin həyata keçirilməsinə ictimai nəzarəti həyata keçirir;  əmək haqqının ədalətli ödənilməsinə nail olur;

- kollektiv danışıqlar aparır, işəgötürənlər, təsərrüfat, icra hakimiyyəti orqanları, müdafiə etmək məqsədi ilə məhkəməyə müraciət edir;

- işəgötürənlər, təsərrüfat və icra hakimiyyəti orqanları ilə sahələrə aid razılaşmalar əldə edir; kollektiv müqavilələr bağlayır; kollektiv müqavilə və razılaşmalara, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət edir;

- mülkiyyət formalarının dəyişməsi şəraitində Həmkarlar İttifaqı üzvlərinin hüquqlarının real qorunmasına təminat verən sosial-iqtisadi proqlamları təsərrüfat orqanları və digər təşkilatlarla işləyib hazırlayır və həyata keçirir;

- özəlləşdirmədə öz üzvlərinin hüquqlarını qoruyur;

- Həmkarlar İttifaqı üzvlərinin mənafelərinə toxunan məsələlərə aid qanunvericilik aktlarının, qərarların və digər normativ sənədlərin layihələrini öyrənir, onlara aid təkliflər verir, üzvlərin qanuni hüquqlarını pozan normativ sənədlərin ləğv olunmasına dair müvafiq orqanlara təklif verir, iradlarını bildirir;

- ətraf mühitə, insanların sağlamlığına zərərli və tahlükəli təsir göstərən ekoloji faktorların aradan götürülməsinə , üzvlərinin sağlam və təhlükəsiz iş şəraiti, istehsalat məişəti ilə təmin edilməsinə ictimai nəzarəti həyata keçirir;

- Həmkarlar İttifaqı üzvlərinin sağlamlığının möhkamləndirilməsinə qayğı göstərir, sosial sığorta fondunun vəsaitlərinin səmərəli istifadə olunmasına təkliflər verir; dövlət  və qeyri dövlət səhiyyə sığortasının, təqaüd təminatının, sanator-kurort müalicəsinin, istirahətin, turizmin, bədən tərbiyəsi və idmanın inkişafına yardım edir;

- Həmkarlar İttifaqı təşkilatlarının həmrayliyini gücləndirir və inkişaf  etdirir, həmkarlar ittifaqı üzvlərinə pulsuz əmək, sosial və digər uyğun məsələlər üzrə məsləhətlər verir, maddi yardım göstərir;

- Həmkarlar İttifaqı üzvlərinin qanuni hüquq və mənafelərinin müdafiəsi üçün qanunla müəyyən olunmuş fəaliyyət forma və metodlarından istifadə edir.

 

III. İLK HƏMKARLAR İTTİFAQI TƏŞKİLATLARININ ÜZVLƏRİ

 

3.1. Mülkiyyət formasından asılı olmayaraq istehsal və qeyri-stehsal sahələrində çalışan, habelə pensiyaçı və təhsil alan, həmin Nizamnaməni qəbul edən, ilk həmkarlar ittifaqı təşkilatının işində iştirak edən və üzvlük haqqı ödəyən hər bir şəxs Həmkarlar İttifaqının üzvü ola bilər.

3.2. İlk Həmkarlar İttifaqı təşkilatına qəbul və xarici olunma fərdi qaydada şəxsi yazılı ərizə əsasında həyata keçirilir. İlk Həmkarlar İttifaqı təşkilatına qəbul və xaric olunma barədəm qərar ilk həmkarlar ittifaqı təşkilatının yığıncağında qəbul edilir.

Yığıncaqda iştirak edən ilk həmkarlar ittifaqı təşkilatının üzvlərinin yarıdan çoxu lehinə səs verərsə, (yetərsay gözlənmək şərti ilə) qərar qəbul edilmiş sayılır.

3.3. Həmkarlar İttifaqında üzvlük stajı həmkarlar ittifaqı üzvlüyünə qəbul edilmə barədə qərarın verildiyi gündən hesablanır, üzvlüyə qəbul edilmiş şəxsə həmkarlar ittifaqının üzvlük bileti verilir.

3.4. Həmkarlar İttifaqı üzvləri əsas iş və ya təhsil yerinin ilk həmkarlar ittifaqı təşkilatında qeydiyyata götürülürlər. İşçiləri digər sahə həmkarlar ittifaqında birləşən müəssisə, idarə, təşkilatdan yeni iş yerinə keçmiş işçilər həmkarlar ittifaqının üzvlüyündə qalır.

Üzvlük aşağıdakı hallarda saxlanılınır:

- azyaşlı uşaqların tərbiyəsi ilə əlaqədər iş yerini müvəqqəti tərk etdikdə, müvəqqəti işsiz qaldıqda, həqiqi hərbi xidmətə çağırıldıqda,səhhətinə və ya yaşına görə təqaüdə çıxarkən həmkarlar ittifaqında qalmaq barədə müraciət etdikdə.

3.5. Bütün Həmkarlar İttifaqı üzvləri həmin Nizamnamədə nəzərdə tutulmuş bərabər hüquq və vəzifələrə malikdir.

3.6. Həmkarlar İttifaqının üzvü aşağıdakı hüquqlara malikdir:

- işə qəbul olunması, başqa işə keçirilməsi, işdən azad olunması,əməyin ödənilməsi, məzuniyyət verilməsi, müvəqqəti əmək qabiliyyətini itirməyə və ya qocalığa görə maddi təmin olunması ilə əlaqədər qanunvericilik pozularsa, əməyin mühafizəsi qaydaları və normaları, mənzil qanunvericiliyi pozularsa, müvəqqəti iş yerini itirərkən, müəssisənin ləğvi və müflis olması hallarında, digər qanuni hüquq və mənafeləri tapdanarsa həmkarlar ittifaqı tərəfindən müdafiə edilməlidir.

- Həmkarlar İttifaqı orqanlarından hüquqi, iqtisadi, əməyin mühafizəsi və sosial sığorta məsələlərinə dair pulsuz məsləhətdər, maddi yardım ala bilər;

- seçkili həmkarlar ittifaqı orqanlarında işlədiyi müddətdə əmək kollektivi üzvlərinə kollektiv müqaviləyə əsasən verilən hüquq və güzəştlərdən istifadə edə bilər;

- Həmkarlar İttifaqının fəaliyyətində, o cümlədən qərarların hazırlanması, müzakirə olunması və qəbul edilməsində, onların icrasına və həmkarlar komitəsinin işinə nəzarətin həyatə keçirilməsində iştirak edə bilər;

- Həmkarlar İttifaqı orqanlarına namizədlər, o cümlədən öz namizədliyini irəli sürmək, seçmək və seçilmək, həmkarlar ittifaqının konfrans və qurultayına nümayəndə seçilmək, irəli sürülmüş namizədlərin xeyrinə təbliğat işi aparmaq hüququ vardır;

- Həmkarlar İttifaqının fəaliyyətinə dair bütün məsələləri həmkarlar ittifaqının yığıncaqlarında, konfranslarında, həmkarlar ittifaqı komitələrin iclaslarında, mətbuat və digər kütləvi informasiya vasitələrində azad müzakirə etmək, təkliflər, alternativ layihələr irəli sürmək, öz rəyini azad söyləmək və müdafiə etmək, hər hansı həmkarlar ittifaqı orqanının ünvanına və vəzifəsindən asılı olmayaraq hər hansı həmkarlar ittifaqı üzvünün ünvanına tənqidlə çıxış etmək;

- onun fəaliyyəti və davranışı məsələsinə baxılarkən həmkarlar ittifaqının yığıncaqlarında, həmçinin həmkarlar ittifaqı orqanlarının iclaslarında şəxsən iştirak etmək;

- hər hansı həmkarlar ittifaqı orqanına müraciət etmək və öz müraciətinin mahiyyəti üzrə cavab tələb etmək, həmkarlar ittifaqı təşkilatlarının , rəhbər həmkarlar ittifaqı orqanlarının işi haqqında məlumat almaq hüququ vardır.

3.7. Həmkarlar İttifaqı üzvünün aşağıdakı vəzifələri vardır:

- Həmkarlar İttifaqının fəaliyyətində iştirak etmək, Nizamnaməyə əməl etmək, həmkarlar ittifaqı təşkilatının və seçkili həmkarlar ittifaqı orqanlarının qərar və tapşırıqlarını yerinə yetirmək, hər ay müəyyən olunmuş qaydada üzvlük haqqını ödəmək;

- Həmkarlar İttifaqının nüfuzunu qorumaq , həmkarlar ittifaqına zərər gətirən, Nizamnamə tələblərinə zidd olan hərəkətlərə yol verməmək, iş yoldaşları ilə hörmətlə davranmaq, qanuni hüquqları sahibkarlar, işəgötürənlər, idarəetmə orqanları tərəfindən pozulan həmkarları ilə həmrəy olmaq;

- kollektiv müqavilələrin, razılaşmaların, daxili əmək qaydalarının tələblərinə riayət etmək.

3.8. Həmkarlar İttifaqının həyatında fəal iştirakına, əməkdə müvəffəqiyyətlərinə görə həmkarlar ittifaqının üzvü həmkarlar ittifaqı orqanı tərəfindən mənəvi və maddi həvəsləndirilə bilər, həmçinin təltif olunma və fəxri adların verilməsi üçün dövlət orqanlarına təqdim edilə bilər.

3.9. Nizamnamə tələblərini yerinə yetirmədiyinə, həmkarlar ittifaqının parçalanmasına yönədilmiş, həmkarlar ittifaqına zərər gətirən fəaliyyətinə görə Həmkarlar İttifaqı üzvünə aşağıdakı intizam tədbirləri tətbiq edilə bilər: xəbərdarlıq, töhmət, həmkarlar ittifaqından xaric edilmə.

3.10. İntizam tədbirlərinin tətbiq edilməsi barədə qərarı ilk həmkarlar ittifaqı təşkilatının ümumi yığıncağı qəbul edir. İlk həmkarlar ittifaqı təşkilatının ümumi yığıncağında (konfransda) və ya seçkili orqanın iclasında iştirak edənlərin yarıdan çoxunun səsini toplayırsa, yetərsay olduqda, qərar qəbul edilmiş hesab edilir.

3.11. Həmkarlar İttifaqından xaric edilmə və ya həmkarlar ittifaqı üzvünə intizam tədbiri tətbiq edilməsi barədə qərar onun iştirakı ilə qəbul edilir. Həmkarlar İttifaqı üzvü ümumi yığıncaqda (konfransda) və ya seçkili orqanın iclasında iştirak etməkdən üzürsüz səbəbdən imtina etdikdə məsələyə onun şəxsi iştirakı olmadan baxıla bilər.

3.12. Həmkarlar İttifaqından xaric olunan şəxs iki ay ərzində həmin qərar barədə yuxarı həmkarlar ittifaqı orqanlarına şikayət edə bilər. Ərizə, qəbul edilən gündən 1 aydan gec olmayaraq həmkarlar ittifaqı orqanı tərəfindən baxılmalıdır.

- Yuxarı həmkarlar ittifaqı orqanı tanbeh verilməsi, həmkarlar ittifaqından xaric olunması haqqında qərarı ləğv edə, həmkarlar ittifaqı üzvlüyünə bərpa edə bilər.

3.13. Həmkarlar İttifaqından xaric olunmuş şəxs həmkarlar ittifaqının üzvlüyünə ümumi əsaslarla yenidən qəbul edilə bilər.

3.14. Həmkarlar İttifaqının seçkili orqanının üzvünün məsuliyyətə cəlb edilməsi məsələsi onun üzv olduğu seçkili orqanın iclasında və yaxud yuxarı həmkarlar ittifaqı orqanı tərəfindən həll edilə bilər. Qəbul edilmiş qərar barədə ilk həmkarlar ittifaqı təşkilatına bildirilir.

3.15. Həmkarlar İttifaqından çıxmış və ya xaric edilmiş şəxs həmkarlar ittifaqı tərəfindən müfafiə hüququnu, həmkarlar ittifaqının mülkiyyətindən və imtiyazlarından qaytarılmır.

 

IV. HƏMKARLAR İTTİFAQININ TƏŞKİLAT QURULUŞUNUN VƏ FƏALİYYƏTİNİN ƏSAS PRİNSİPLƏRİ

 

4.1. Həmkarlar İttifaqı öz fəaliyyətini aşağıdakı prinsiplərə görə qurur:

- Həmkarlar İttifaqına sərbəst daxil olmaq, onun üzvlərinin bərabərliyi, işlədiyi və təhsil aldığı yerdə ilk təşkilatları yaratmaq, həmkarlar  ittifaqının ilk təşkilatlarının ərazi, sahə təşkilatlarını yaratmaq və onların rəhbər orqanlarını seçmək hüququ;

- Həmkarlar İttifaqı birliyi və nüfuzunun möhkəmləndirilməsi, həmkarlar ittifaqları təşkilatlarının və onların seçkili orqanlarının məqsəd və vəzifələrinin həyata keçirilməsində qarşılıqlı köməkdə həmrəyliyin inkişafı;

- bütün həmkarlar ittifaqı orqanlarının aşağıdan yuxarıyadək seçkili olması;

- Həmkarlar İttifaqı orqanlarına seçilənlərin şəxsi məsuliyyəti, seçkili orqanların, onların rəhbərlərinin həmkarlar ittifaqı təşkilatları və onların seçən orqanlar, yuxarı həmkarlar ittifaqı orqanları qarşısında aşkarlıq və hesabatı, həmkarlar ittifaqı kadrlarının peşakarlığının artırılması.

- seçkili orqanların işində kollegiallıq, qəbul edilmiş qərarların və həmkarlar ittifaqının tapşırıqlarının yerinə yetirilməsinə görə şəxsi məsuliyyət;

- azlıqların maraqlarına, hər bir həmkarlar ittifaqı üzvünün rəyinə hörmət, məsələlərin müzakirəsi gedişində diskussiyaların azadlığı və qərarlar qəbul edildikdən sonra fəaliyyət birliyi;

- qərarlar qəbul olunarkən Nizamnamə tələblərinin aliliyi; yuxarı həmkarlar ittifaqı orqanlarının qərarlarının yerinə yetirilməsinin aşağı orqanlar üçün məcburiliyi; həmkarlar ittifaqı orqanlarının öz təşkilatları və yuxarı orqanlar qarşısında hesabatı.

4.2. Həmkarlar İttifaqı istehsalat-sahə prinsipi ilə, federativ əsaslar üzərində qurulur. Həmkarlar İttifaqının subyektləri ilk, ərazi və sahə təşkilatlarıdır.

4.3. Həmkarlar İttifaqının təşkilatları (ilk, sahə, ərazi) onların seçkili orqanları həmkarlar ittifaqının Nizamnaməsi və Həmkarlar İttifaqının təsdiq etdiyi Əsasnamələrə uyğun olaraq fəaliyyət göstərir.

4.4. Həmkarlar ittifaqı təşkilatının ali orqanı yığıncaq və ya konfrans (ilk təşkilatlar üçün), konfrans (sahə, ərazi təşkilatları üçün) və qurultaydır (sahə həmkarlar ittifaqı üçün).

4.5. Həmkarlar ittifaqı təşkilatının yığıncağı yığıncaqda həmin təşkilatın üzvlərinin yarıdan çoxu, konfrans və qurultaylar isə onların işində nümayəndələrin üçdə ikisində çoxu iştirak etdikdə səlahiyyətli sayılır.

4.6. Yığıncaq, konfrans və qurultayların qərarları səsvermədə iştirak edənlərin əksəriyyətinin (yetərsay olduqda) sadə səs çoxluğu ilə qəbul olunur.

4.7. Həmkarlar ittifaqı yığıncağı, konfransı, qurultayı:

- ilk, ərazi həmkarlar ittifaqının, bütövlükdə sahə həmkarlar ittifaqının fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir;

- seçkili orqanın və təftiş komissiyasının hesabatını dinləyit və müzakirə edir, onların fəaliyyətinə qiymət verir;

- seçilmiş nümayəndələrin səlahiyyətlərini təsdiq edir və yığıncağın, konfransın, qurultayın işçi orqanlarını seçir;

- seçkili orqanların, təftiş komissiyasının formalaşması qaydasını müəyyən edir, səsvermə formasını (açıq və ya qapalı) təyin edir;

- yığıncaqlar, konfranslar, qurultaylararası bütün cari işə rəhbərlik edən işçi orqanı və təftiş komissiyası üzvlərini seçir;

- yuxarı həmkarlar ittifaqı orqanlarına və ya birbaşa nümayəndəlik prinsipi əsasında formalaşan ittifaqlararası orqanlarına üzvlər, həmkarlar ittifaqı və ittifaqlararası konfrans və qurultaylarına nümayəndələr seçir.

4.8. Yuxarı həmkarlar ittifaqı orqanlarının üzvlərinin, konfrans, qurultay nümayəndələriunin nümayəndəlik norması və seçilmək qaydası müvafiq həmkarlar ittifaqı tərəfindən müəyyənləşdirilir.

4.9. Həmkarlar ittifaqının konfranslarına nümayəndələrin seçilməsi, həmkarlar ittifaqı orqanlarının üzvlərinin seçilməsi, tərkibdən xaric edilməsi və dəyişdirilməsi həmkarlar ittifaqının plenar iclaslarında həyata keçirilə bilər.

4.10. Səsvermədə iştirak edən yığıncaq iştirakçılarının, konfrans, qurultay nümayəndələrinin yarıdan çoxunun səsini toplamış həmkarlar ittifaqı üzvü seçilmiş hesab edilir.

4.11. Həmkarlar ittifaqı seçkili orqanı rəhbərlərinin seçkisi bir qayda olaraq alternativ əsaslarla həmin seçkili orqanın tərkibindən onun islasında və yaxud bilavasitə yığıncaqda, konfransda, qurultayda həyata keçirilir.

Müstəsna hallarda komitənin tərkibinə daxil olmayan, o cümlədən digər sahə həmkarlar ittifaqının üzvü olan həmkarlar ittifaqının üzvü ərazi, sahə həmkarlar ittifaqı komitəsinin rəhbəri seçilə bilər.

Həmkarlar ittifaqı seçkili orqanı rəhbərinin seçkisi zamanı o namizəd seçilmiş hesab olunur ki, səslərin əksəriyyətini toplamış olsun, bir şərtlə ki, yetərsay olduqda səsvermədə iştirak edən seçkili həmkarlar ittifaqının orqanının, iclas, yığıncaq, konfrans, qurultay nümayəndələrinin yarıdan çoxunun səsini toplamış olsun.

4.12. Həmkarlar ittifaqı orqanlarının rəhbərləri Nizamnaməyə əməl olunmasını, yuxarı həmkarlar ittifaqı orqanlarının qərarlarının icrasını təmin edir və onların yerinə yetirilməsinə şəxsi məsuliyyət daşıyırlar.

4.13. İlk həmkarlar ittifaqı orqanlarının və onların rəhbərlərinin seçkisi beş ildə iki dəfə, ərazi, sahə həmkarlar ittifaqı orqanlarının və onların rəhbərlərinin seçkisi beş ildə bir dəfə keçirilir. Bütün həmkarlar ittifaqı orqanları və onların rəhbərləri hər il öz fəaliyyətləri barədə hesabat verirlər.

4.14. Həmkarlar ittifaqı təşkilatçısının, sex, ilk həmkarlar ittifaqı komitəsinin, ərazi, sahə həmkarlar orqanının növbədənkənar seçkisi (hesabat və seçkisi) həmkarlar ittifaqı üzvlərinin üçdə birindən az olmayan hissəsinin və yaxud həmkarlar ittifaqı orqanının birləşdirdiyi həmkarlar ittifaqı komitələrinin üçdə birinin tələbi ilə, yığıncağın (konfransın), həmkarlar ittifaqı komitəsinin qərarına əsasən, o cümlədən yuxarı həmkarlar ittifaqı orqanının qərarı ilə keçirilə bilər.

Sahə həmkarlar ittifaqının Məclisinin növbədənkənar seçkisi (hesabatı və seçkisi) həmkarlar ittifaqının birləşdirdiyi həmkarlar ittifaqı komitələrinin üçdə birindən az olmayan hissəsinin tələbi ilə və yaxud Məclisin qərarı ilə keçirilə bilər.

4.15. Seçkili həmkarlar ittifaqı orqanının, təftiş komissiyasının üzvü seşkili orqanın, təftiş komissiyasının tərkibindən səlahiyyət müddəti qurtarmazdan əvvəl xaric edilə bilər. Yetərsay olduqda, iclasda iştirak edən yığıncaq iştirakçılarının, konfrans, qurultay nümayəndələrinin yarıdan çoxunun səsini toplamış qərar qəbul edilmiş sayılır.

4.16. Həmkarlar ittifaqı orqanının rəhbərləri tutduqları vəzifədən səlahiyyət müddətləri qurtarmazdan əvvəl azad edilə bilərlər. Həmkarlar ittifaqı orqanının rəhbərinin vaxtından əvvəl azad edilməsi hüququ yığıncağa və yaxud seçkili orqana məxsusdur. Yetərsay olduqda, səsvermədə iştirak edən yığıncaq iştirakçılarının, konfrans nümayəndələrinin və yaxud həmkarlar orqanının üzvlərinin yarıdan çoxunun lehinə səs vermiş olduğu qərar qəbul olunmuş sayılır.

4.17. Siyasi partiyaların rəhbər orqanlarının tərkibinə seçilmiş həmkarlar ittifaqı üzvləri həmkarlar ittifaqı komitələrinə rəhbərlik edə bilməzlər.

4.18. Həmkarlar ittifaqı orqanı cari işi aparmaq üçün müstəqil olaraq özünün işçi orqanlarının (daimi və müvəqqəti komissiyalar, işçi qruplar, təmsilçilər və i.a.) strukturunu təsdiq edir və tərkibini formalaşdırır, onların funksiyalarını, hüquq və vəzifələrini müəyyənləşdirir.

Seçkili həmkarlar ittifaqı orqanlarının iclaslarının iclasları (Məclis, Plenum) onların Rəyasət Heyəti (İcraiyyə Komitəsi) tərəfindən zəruri olduqda, lakin  ildə bir dəfədən az olmayaraq çağırılır. Həmkarlar ittifaqı komitələrinin Plenumları onların üzvlərinin üçdə birindən az olmayan hissəsinin tələbi ilə və yaxud yuxarı həmkarlar ittifaqı orqanının təşəbbüsü ilə çağırıla bilər.

4.19. Seçkili həmkarlar ittifaqı orqanlarının iclasları onlarda həmin orqanların üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Bu Nizamnamədə başqa qayda nəzərdə tutulmayıbsa seçkili orqanın səsvermədə iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qərar qəbul olunmuş sayılır. Təftiş komissiyalarının üzvləri seçkili orqanlarının iclaslarında məşvərətçi səslə iştirak edə bilər.

 

V. HƏMKARLAR İTTİFAQININ İLK TƏŞKİLATLARI

 

5.1. Həmkarlar İttifaqının əsası ilk həmkarlar ittifaqı təşkilatlarıdır.

Müəssisədə, idarədə, təşkilatda işləyən, müvafiq peşə və sahə tədris müəssisələrində təhsil alan, o cümlədən fərdi əmək fəaliyyəti ilə məşğul olan həmkarlar ittifaqının ən azı yeddi üzvü ilk həmkarlar ittifaqı təşkilatı yarada bilər.

İlk həmkarlar ittifaqı təşkilatı yaradılması, onun sahə həmkarlar ittifaqına daxil olması barədə qərar həmkarlar ittifaqı üzvlərinin yığıncağı (konfransı) tərəfindən qəbul olunur.

5.2. İlk həmkarlar ittifaqı təşkilatları öz fəaliyyətlərində həmkarlar ittifaqının Nizamnaməsi olk həmkarlar ittifaqı təşkilatı haqqında Əsasnaməni, yuxarı həmkarlar ittifaqı orqanlarının qərarlarını, Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tuturlar.

5.3. İlk həmkarlar ittifaqı təşkilatları yuxarı həmkarlar ittifaqı orqanlarının formalaşmasında iştirak edir və onların fəaliyyətini maliyyəşdirir.

5.4. İlk həmkarlar ittifaqı təşkilatları həmin Nizamnaməni rəhbər tutaraq:

- öz fəaliyyətlərini üstün istiqamətlərini, təşkilatlarının strukturunu, öz seçkili orqanlarının formalaşma qaydasını və funksiyalarını müəyyənləşdirir;

- yuxarı həmkarlar ittifaqı orqanlarının hesabına köçürmələri icra etdikdən sonra yuxarı həmkarlar ittifaqı təşkilatı ilə razılaşdırılmış büdcə əsasında təşkilatda qalan maliyyə vəsaitləri üzərində sərəncam verir;

- öz funksiyalarını həyata keçirmək üçün əməyi ödənilən ekspert və mütəxəssisləri cəlb edir.

5.6. Mülkiyyət formasında asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda vahid həmkarlar ittifaqı təşkilatları yaradılır.

5.7. İlk həmkarlar ittifaqı təşkilatının ali orqanı, zəruri olduqda, lakin ildə bir dəfədən az olmayaraq keçirilən yığıncaqdır (Konfransdır).

5.8. Yığıncaq (konfrans):

- ilk təşkilatın əsas vəzifələrini müəyyənləşdirir;

- əməyin sosial iqtisadi şərtlərinin, istehsalat məişətinin yaxşılaşdırılması barədə işəgötürənə (müdiriyyətə) tələbləri tərtib və təsdiq edir; kollektiv hərəkətlərin, o cümlədən mövcud qanunvericiliyə uyğun olaraq, tətillərin keçirilməsi barədə qərar qəbul edir;

- kollektiv müqavilədə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi barədə işəgötürənin (müdiriyyətin) məlumatını dinləyir; müəssisə, idarə, təşkilatın kollegial idarə orqanının tərkibinə həmkarlar ittifaqı təşkilatının nümayəndələrini məsləhət bilir;

- həmkarlar ittifaqı komitəsinin və təftiş komissiyasının işi haqqında hesabatı dinləyir; həmkarlar ittifaqı komitəsini və təftiş komissiyasını seçir;

5.9. Cari işin aparılması üçün:

- sex həmkarlar ittifaqı təşkilatında-sex komitəsi (həmkarlar ittifaqı bürosu) seçilir və yaxud müəssisənin struktur bölmələrində həmkarlar ittifaqının təmsilçiləri təyin olunur;

- 15 nəfərdən az həmkarlar ittifaqı üzvünü birləşdirən ilk həmkarlar ittifaqı təşkilatında-həmkarlar ittifaqı təşkilatçısı, onun müavini və təftişçi;

- 15 və daha çox həmkarlar ittifaqı üzvünü birləşdirən ilk həmkarlar ittifaqı təşkilatında-həmkarlar ittifaqı komitəsi seçilir.

Sex komitəsi, həmkarlar ittifaqının təşkilatçısı, həmkarlar ittifaqı komitəsi iki-üç il müddətinə seçilir.

Həmkarlar ittifaqı komitəsinin tərkibindən sədr, sədr müavini və xəzinədar seçilir.

Həmkarlar ittifaqı komitəsinin iclasları zəruri olduqda, lakin üç ayda bir dəfədən gec olmayaraq keçirilir.

5.10. Müəssisələrdə, idarə və təşkilatlarda seçilmiş həmkarlar ittifaqı təşkilatçısı ilk həmkarlar ittifaqı təşkilatlarının hüquqlarını əldə rəhbər tutaraq öz üzvlərinin mənafeyini himayə edir və qoruyur.

5.11. İlk həmkarlar ittifaqı komitələri həmkarlar ittifaqı orqanlarının onlara verdiyi hüquqlara uyğun olaraq həmkarlar ittifaqı işlərini aparır, həmkarlar ittifaqı komitəsinin yığıncaqlarının (konfranslarının) qərarlarının yerinə yetirilməsini təmin edir.

5.12. İri ilk həmkarlar ittifaqı təşkilatlarının, həmçinin pərakəndə ərazidə yerləşən ilk həmkarlar ittifaqı təşkilatlarının həmkarlar ittifaqı komitələrinə İcraiyyə Komitəsinin qərarı ilə rayon həmkarlar ittifaqı komitəsi hüququ verilə bilər.

5.13. Həmkarlar ittifaqı komitəsi:

- həmkarlar ittifaqı yığıncaqları (konfransları) arasındakı dövrdə öz işini həmkarlar ittifaqının məqsədyönlü fəaliyyət istiqamətinə, yuxarı orqanların qərarına və həmin Nizamnamənin müddəalarına uyğun olaraq təşkil edir;

- dövlət, məhkəmə və ictimai orqanlarda, işəgötürənlər (müdiriyyətlər) qarşısında həmkarlar ittifaqı üzvlərinin mənafelərini qanunvericiliyə, kollektiv müqaviləyə və sahə (tarif) razılaşmalarına uyğun olaraq himayə edir və qoruyur;

- işəgötürənlərlə (müdiriyyətlərlə) kollektiv danışıqlar aparılması təşəbbüsü ilə çıxış edir, işəgötürənlərlə (müdiriyyətlərlə) kollektiv müqavilə bağlayır və onun yerinə yetirilməsinə nəzarət edir;

- işəgötürənlərlə (müdiriyyətlərlə) birlikdə əmək kollektivlərinin sosial-iqtisadi inkişaf məsələlərinə dair qərarlar qəbul edir, müəssisə tərəfindən maddi rifah halının yaxşılaşdırılmasına yönədilmiş tədbirlərin bərabər bölüşdürülməsi işində həmkarlar ittifaqının hər bir üzvünün mənafelərini müdafiə edir, əməyin ödənilməsi sistemlərini və normalarını, maddi həvəsləndirmə formalarını, tarif dərəcələrinin (maaşların) miqdarını razılaşdırır; sosial sığortanın təşkilində iştirak edir, həmkarlar ittifaqı üzvlərinə və onların uşaqlarına sanatoriya müəlicəsində köməklik göstərir;

- əmək qanunvericiliyinə, istehsalatın texniki təhlükəsizlik qaydalarına və sanitariya normalarına riayət edilməsinə nəzarət edir, müəssisələrdə əmək qanunvericiliyinin pozulduğu hallarda əmək mübahisələrinə baxan orqanlara və məhkəməyə mürəciət edir;

- qeyri istehsalat tikintisi planlarının yerinə yetirilməsinə, müəssisənin, ticarət, ictimai iaşə, məişət xidməti və məktəbəqədər uşaq müəssisələrinin işinə, mənzil qanunvericiliyinə riayət edilməsinə ictimai nəzarəti təşkil edir;

- təsərrüfat rəhbərlərinin və müdiriyyət müvəkkillərinin sosial inkişaf və əmək məsələlərinə dair hecabatlarını dinləyir, idarənin həmkarlar ittifaqı üzvlərinin mənafeyinə və yaxud qanunvericiliyə zidd qərarlarının icrasının dayandırılmasını tələb edir;

- həmkarlar ittifaqının məqsəd və vəzifələrinin həyata keçirilməsi işində qanunvericilik, kollektiv  müqavilə və sahə (tarif) sazişində nəzərdə tutulmuş bütün imkan və hüquqlardan istifadə edir;

- təsdiq olunmuş smetaya əsasən ilk həmkarlar ittifaqı təşkilatının əmlak və vəsaitləri üzərində sərəncam verir.

5.14. Həmkarlar ittifaqı komitəsi öz işi barəsində həmkarlar ittifaqının yığıncağına (konfransına) və yuxarı həmkarlar ittifaqı orqanlarına hecabat verir.

5.15. Birlik, müəssisə, idarə və təşkilat üzvlük haqqının nəğdsiz qaydada yığılmasını və köçürülməsini həyata keçirir. Həmkarlar ittifaqı komitələrinin normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə, kollektiv müqavilədə, sahə (tarif) sazişində nəzərdə tutulmuş qayda və şərtlər əsasında onları iş otağı, mebel, ofis texnikası, rabitə vasitələri, nəqliyyat və digər zəruri vasitələrlə təchiz edir.

5.16. Həmkarlar ittifaqı komitəsinin sədri:

- vəkalətnaməsiz ilk həmkarlar ittifaqı təşkilatları adından fəaliyyət göstərir, müəssisələrin işəgötürənləri, vəzifəli şəxsləri qarşısında, həmçinin bütün orqan və təşkilatlar, o cümlədən, həmkarlar ittifaqı fəaliyyətinə aid iş və məsələlərlə bağlı məhkəmə qarşısında həmkarlar ittifaqı komitəsinin və onun üzvlərinin mənafelərini müdafiə edir;

- həmkarlar ittifaqı komitəsinin işini, yığıncaqların, konfransların hazırlanması və keçirilməsini təşkil edir; həmkarlar ittifaqı komitəsinin yığıncaqlarının (konfranslarının) qərarlarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir;

- sahə həmkarlar ittifaqı təşkilatları arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmlandirilməsinə zəmin yaradır, yuxarı həmnkarlar ittifaqı orqanları qərarlarının həyata keçirilməsinə şəxsi məsuliyyət daşıyır;

- həmkarlar ittifaqı komitəsinin qərarlarını əldə rəhbər tutaraq təşkilatın əmlak və vəsaitləri üzərində sərəncam verir;

- qanunvericilik, həmkarlar ittifaqı komitəsinin yığıncaqlarının (konfranslarının) qərarları, kollektiv müqavilə və saziş çərçivəsində nəzərdə tutulmuş digər fəaliyyət növlərini yerinə yetirir.

5.17. Müəssisə, idarə, təşkilat ləğv edildikdə və habelə bütün üzvləri həmkarlar ittifaqının tərkibindən çıxdığı təqdirdə ilk həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə xitam verilir.

 

VI. HƏMKARLAR İTTİFAQININ ƏRAZİ, SAHƏ TƏŞKİLATLARI

 

6.1. Həmkarlar ittifaqı üzvlərinin, ilk həmkarlar ittifaqı təşkilatlarının müvafiq, dövlət, təsərrüfat, məhkəmə və ictimai orqanlarda hüquq və mənafelərinin təmsil olunması və müdafiə edilməsi üçün ilk həmkarlar ittifaqı təşkilatları tərəfindən ərazi, sahə təşkilatları yaradılır.

6.2. Ərazi, sahə həmkarlar ittifaqı birliklərinə yeni təşkilatların qəbul edilməsi, yaxud onun tərkibindən çıxarılması həmin birlik üzvlərinin üçdə iki hissəsindən çoxunun lehinə səs verdiyi təqdirdə həyata keçirilir; həmin yığıncaqlarda yuxarı həmkarlar ittifaqı orqanlarının nümayəndəsinin iştirakı zəruridir.

6.3. Ərazi, sahə həmkarlar ittifaqının ali orqanı zəruri olduqda, lakin ən azı beş ildə bir dəfədən gec olmayaraq keçirilən konfransdır.

6.4. Konfrans ərazi, sahə həmkarlar ittifaqı təşkilatlarının əsas fəaliyyət istiqamətini müəyyənləşdirilir, ərazi, sahə həmkarlar ittifaqı komitələrinin üzvlərini, təftiş komissiyasını seçir, onların gördükləri işlərə dair hesabatlarını dinləyir, həmkarlar ittifaqı konfransına və qurultayına nümayəndələr seçir.

6.5. Həmkarlar ittifaqının ərazi, sahə komitələri:

- öz işini həmin Nizamnamə, ərazi, sahə həmkarlar ittifaqı təşkilatları haqqında Əsasnamə, qurultay, konfrans qərarları və qüvvədə olan qanunvericilik əsasında qurur, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini həmkarlar ittifaqı üzvlərinin mənafelərinin müdafiə edilməsinə yönəldir, həmkarlar ittifaqı təşkilatlarının və komitələrinin hüquqlarını qoruyur;

- işəgötürən birliklərə, dövlət və təsərrüfat idarəetmə orqanlarına qarşı sahə işçilərinin sosial-iqtisadi, əmək və məişət şəraitinin yaxşılaşdırılması tələblərini formalaşdırır və irəli sürür, onların yerinə yetirilməsi qayğısına qalır; həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin qorunması ilə əlaqədər aksiyalar təşkil edir və keçirir, kollektiv hərəkətlərin, o cümlədən tətillərin qüvvədə olan qanunvericiliyə əsasən keçirilməsinə dair qərarlar qəbul edir;

- həmkarlar ittifaqı təşkilatlarının birliyinə nail olmağa çalışır, onlara təşkilatı, konsultativ və hüquqi köməklik göstərir; işəgötürənlərlə (müdiriyyətlərlə) həmkarlar ittifaqı komitələri arasındakı əmək mübahisələrini və münaqişələrini təhlil edir;

- rayon, şəhər, vilayət, respublika dövlət və təsərrüfat idarəetmə orqanları ilə danışıqlar aparır, müqavilə və saziş bağlayır, onların yerinə yetirilməsinə nəzarət edir;

həmkarlar ittifaqı komitələrinə kollektiv müqavilələrin bağlanmasında və onun yerinə yetirilməsində köməklik göstərir;

- əmək mühafizəsinin vəziyyəti, əmək və mənzil qanunvericiliyinə riayət olunması, əməyin təşkili və ödənilməsi, məşğulluğun təmin edilməsi sahəsində nəzarəti həyata keçirir, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak edir;

- kollektiv müqavilələr və sazişlərin yerinə yetirilməsinə dair təsərrüfat rəhbərlərinin məruzələrini dinləyir, həmkarlar ittifaqı üzvlərinin qanuni hüquqlarının məhdudlaşdırılmasına yönədilmiş normativ aktların icrasının dayandırılmasına nail olur;

- məşğulluğun ərazi proqramının, sosial və iqtisadi inkişaf planlarının işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir; həmkarlar ittifaqı üzvlərinin həyat və əmək şəraitinin yaxşılaşdırılmasına dair yerli qanunvericilik və təsərrüfat orqanlarına təkliflər verir;

- həmkarlar ittifaqı təşkilatlarının maliyyə fəaliyyətini istiqamətləndirir, onun ixtiyarına verilmiş həmkarlar ittifaqı büdcəsinə rəhbərliyi həyata keçirir, öz aparatının strukturunu və ştat vahidlərini, gəlirlər və xərclər smetasını hazırlayaraq yuxarı orqanların təsdiqinə təqdim edir, həmkarlar ittifaqı kdrlarının və fəallarının ixtisaslarının artırılması qayğısına qalır;

- yuxarı həmkarlar ittifaqı orqanları tərəfindən təyin olunmuş digər funksiyaları yerinə yetirir.

6.6. Cari işlərin operativ yerinə yetirilməsinə, Nizamnamədən irəli gələn vəzifələrin həyata keçirilməsinə nail olmaq üçün ərazi, sahə həmkarlar ittifaqı sədr, sədr müavini və üzvlərdən ibarət Rəyasət Heyətini seçir, komissiya və işçi qruplar yaradır, iş qaydasını, Rəyasət Heyətinin, həmkarlar ittifaqı komitəsi sədrinin və onun müavinlərinin hüquq və məsuliyyətini, həmçinin iş rejimini təyin edir.

6.7. Ərazi, sahə həmkarlar ittifaqı komitəsi, onun rəyasət heyəti öz fəaliyyətində həmkarlar ittifaqı konfransına və yuxarı həmkarlar ittifaqı orqanına hesabat verir.

 

VII. HƏMKARLAR İTTİFAQININ ALİ ORQANLARI

 

7.1. Həmkarlar İttifaqının ali orqan Məclis tərəfindən zəruri olduqda, lakin beş ildə bir dəfədən gec olmayaraq çağırılan Qurultaydırş Qurultayın çağırılması və onun gündəliyi qurultay başlamazdan bir ay əvvəl elan edilir. Həmkarlar İttifaqının növbədənkənar (fövqəladə) Qurultayı Məclisin təşəbbüsü ilə və yaxud ərazi, sahə həmkarlar ittifaqı komitələrinin üçdə birinin Plenum iclaslarının tələbi ilə çağırıla bilər.

7.2. Həmkarlar İttifaqının Qurultayı:

- Həmkarlar İttifaqının Məclisinin və təftiş komissiyasının fəaliyyəti haqqında hesabatını dinləyir; həmkarlar ittifaqının növbəti vəzifələrini müəyyən edir;

- Həmkarlar İttifaqı Nizamnaməsini təsdiq edir, ona dəyişiklik və əlavələr edir, təftiş komissiyası haqqında Əsasnaməni təsdiq edir; həmkarlar ittifaqı üzvlük haqlarının ödənilməsi qaydasını müəyyən edir;

- Həmkarlar İttifaqının Məclisinin və təftiş komissiyasının üzvlərini semir;

Həmkarlar İttifaqının sədrini seçir və ya vəzifədən azad edir, onun hüquqlarını, səlahiyyətini və məsuliyyətini müəyyən edir;

- Həmkarlar İttifaqının ləğvi, yenidən təşkili barədə qərar qəbul edir;

7.3. Qurultayda qərarlar sadə səs çoxluğu ilə qəbul olunur. Həmkarlar İttifaqının sədrini tutduğu vəzifədən azad etmə və həmkarlar ittifaqının ləğvi barədə qərar yetərsay olduqda, səsvermədə iştirak edən nümayəndələrin yarıdan çoxunun lehinə səs verdikdə qəbul olunmuş hesab edilir.

7.4. Qurultaylararası dövrdə Həmkarlar İttifaqının rəhbər orqanı Hımkarlar İttifaqının Məclisidir.

7.5. Həmkarlar İttifaqının Məclisi:

- Nizamnamənin, Həmkarlar İttifaqı qurultayının qərarlarının yerinə yetirilməsi təşkil edir, hər bir Həmkarlar İttifaqı üzvünün qanuni hüquq və mənafevinin müdafiə edilməsinin üsulunu müəyyən edir; həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini istiqamətləndirir, onlara yardım və köməklik göstərir; üzvü olduğu ittifaqlararası birliyin, mövcud qanunvericiliyə uyğun və razılaşdırılmış səlahiyyətlər çərçivəsində, qərarlarının yerinə yetirilməsini təmin edir;

- dövlət, təsərrüfat, məhkəmə orqanlarında və ictimai təşkilatlarda həmkarlar ittifaqı təşkilatlarının, onların üzvlərinin hüquq və mənafelərini təmsil edir və qoruyur;

- təsərrüfat idarəetmə orqanları ilə sahə (tarif) sazişləri və müqavilələr bağlayır;

- kollektiv danışıqlar aparır, sahə işçilərinin əmək və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət və təsərrüfat orqanları qarşısında tələblər qoyur; onların yerinə yetirilməsi qayğısına qalır, sahə müəssisələrində kollektiv hərəkətlər, o cümlədən tətillər edilməsi barədə qərarlar qəbul edir;

- qanunvericilik və icra hakimiyyəti orqanlarına sahə işçilərinin əmək və sosial iqtisadi hüquqları və mənafeləri barədə qanunvericilik və normativ aktların qəbul olunmasına dair təkliflərlə müraciət edir;

- dövlət və təsərrüfat orqanlarından qüvvədə olan qanunvericiliyə zidd olan və ya həmkarlar ittifaqı təşkilatlarının, həmkarlar ittifaqı üzvlərinin mənafelərini məhdudlaşdıran qanun və qərarların ləğv olunmasına dair təklif verir, iradlarını bildirir;

- əməyin keyfiyyətinə, həyat səviyyəsinə uyğun olan əmək haqqı sisteminin tətbiq edilməsinə nail olur; əmək və mənzil qanunvericiliyinə, əmək mühafizəsi qaydalarına riayət olunmasına nəzarəti həyata keçirir;

- Həmkarlar İttifaqının sərancamında olan sanator-kurort, müalicə-sağlamlıq, idman-mədəniyyət müəssisələrinin və sosial sığortanın idarə olunmasında iştirak edir, işçilərin sağlamlığının möhkəmləndirilməsi və tibbi xidmətin gücləndirilməsi üçün tədbirlər görür;

- ittifaqlararası və beynəlxalq həmkarlar ittifaqı təşkilatlarına daxil olmaq və oradan çıxmaq barədə qərarlar qəbul edir;

- verilmiş səlahiyyətlər çərçivəsində AHİK-in müvafiq orqanlarının qəbul etdiyi qərarların yerinə yetirilməsini təmin edir;

- AHİK-in Nizamnaməsinə uyğun olaraq onun seçkili orqanlarına nümayəndələrini seçir və geri çağırır;

- Azərbaycan Respublikasının digər sahə həmkarlar ittifaqları və beynəlxalq həmkarlar ittifaqı təşkilatları ilə əlaqələr yaradır, həmraylik aksiyalarında iştirak edir;

- ilk, ərazi həmkarlar ittifaqı təşkilatı və onların komitələri haqqında Əsasnaməni hazırlayır və təsdiq edir;

- sahə həmkarlar ittifaqının Nizamnaməsinə dayişikliklər və əlavələr edir;

- Sədr müavini, İcrayyə Komitəsinin üzvlərini seçir;

- Qurultay, ərazi, sahə həmkarlar ittifaqı təşkilatları tərəfindən ona verilmiş digər funksiyaları həyata keçirir;

7.6.Həmkarlar İttifaqının Məclisi İcraiyyə Komitəsi tərəfindən zərurət olduqda, lakin ildə bir dəfədən az olmamaq şərti ilə və orada Məclis üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Məclis, habelə onun üzvlərinin üçdə birinin təşəbbüsü ilə də çağırıla bilər. Məclisin qərarları yetərsay olduqda onun səsvermədə iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

7.7. Məclis iclaslararası dövrdə cari təşkili və aparılması, onun Nizamnamə funksiyasını həyata keçirmək üçün həmkarlar ittifaqının İcraiyyə Komitəsini seçir, daimi komissiyalar yaradır, onların iş qaydasını və səlahiyyətlərini müəyyən edir. Həmkarlar ittifaqının İcraiyyə Komitəsinin tərkibinə sədr və onun müavini də daxildir. İcraiyyə Komitəsinin iclasları zərurət olduqda, lakin üç ayda bir dəfədən gec olmayaraq çağırılır. İcraiyyə Komitəsi üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. İcraiyyə Komitəsinin qərarları yetərsay olduqda onun səsvermədə iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

7.8. Həmkarlar İttifaqının İcraiyyə Komitəsi:

- Qurultayın, Məclislərin, tarif sazişlərinin və öz qərarlarının yerinə yetirilməsini təmin edir; Həmkarlar İttifaqının adından dövlət, təsərrüfat və digər orqanlar ilə birgə qarşılıqlı fəaliyyəti həyata keçirir;

- ərazi, sahə həmkarlar ittifaqı komitələrinin, ilk təşkilatların fəaliyyətini əlaqələndirir, həmkarlar ittifaqı təşkilatlarının ümumi tədbirlərini, o cümlədən etiraz aksiyalarını keçirir;

- ərazi, sahə, ilk həmkarlar ittifaqı komitələrinin Nizamnamə fəaliyyətinə nəzarət edir, həmkarlar ittifaqı kadrlarının və fəallarının təhsil işini təşkil edir və əlaqıləndirir;

- Həmkarlar İttifaqının Məclisini çağırır, gündəlik məsələləri və iclasın keçirilmə yerini təyin edir;

Həmkarlar İttifaqının və onun birbaşa xidmətinə daxil olan ilk, ərazi, sahə komitələrinin aparatının strukturunu və ştat vahidlərini, qanunvericiliyə uyğun olaraq işə qəbul edilmə, işdən azad olunma və əmək haqqının ödənilməsi qaydalarını müəyyən edir;

- Maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirir, Həmkarlar İttifaqının pul vəsaitlərinə və əmlakına sərəncam verir.

 

VIII. HƏMKARLAR İTTİFAQININ ƏMLAKI, PUL, VƏSAİTİ VƏ HÜQUQLARI

 

8.1. Həmkarlar İttifaqı müstəqil maliyyə təşkilatıdır, özünün maliyyə təminatı üçün sərbəst təsərrüfat fəaliyyəti aparır.

8.2. Həmkarlar İttifaqının, onun ərazi, sahə həmkarlar ittifaqı komitələri, ilk hımkarlar ittifaqı təşkilatları (həmkarlar ittifaqı komitələri, həmkarlar ittifaqı təşkilatçıları) hüquqi şəxslərdilər, banklarda hesabları var, məhkəmədə iddiacı və cavabdeh olmaq hüquqları vardır.

8.3. Həmkarlar İttifaqının vəsaitləri daxil olma və aylıq üzvlük haqlarından, təsərrüfat və sahibkarlıq fəaliyyətindən, həmin Nizamnaməyə uyğun olaraq keçirilmiş tədbirlərdən və qanuna zidd olmayan digər gəlirlərdən yaranır.

8.4. Daxil olma və aylıq üzvlük haqları aylıq əmək haqlarının, pensiyaların, təqaüdlərin iki faizi məbləğində müəyyən edilir.

Fermerlər (kəndlilər), fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər daxil olma və aylıq üzvlük haqlarını istehsal olunan mahsulun satışından sonra əldə olunan orta aylıq gəlirin iki faizi miqdarında, gəliri olmayanlar isə qanunla müəyyən edilmiş minimum əmək haqqının iki faizi miqdarında ödəyirlər.

Müvəqqəti olaraq işləməyən və ya işdən məhrum olan həmkarlar ittifaqı üzvləri, təqaüd almayan tələbələr, şagirdlər, pensiyaçılar həmkarlar ittifaqı komitəsinin qərarı ilə üzvlük haqqının ödənilməsindən azad edilə bilərlər.

8.5. Həmkarlar İttifaqının üzvlərinə maddi yardım göstərilməsi üçün vəsaitin toplanması və yığılması, onların hüquq və mənafelərinin dövlət, məhkəmə və təsərrüfat orqanlarında müdafiə edilməsi həmkarlar ittifaqı kadrlarının və fəallarının təhsil almaları üçün ilk həmkarlar ittifaqı təşkilatları hər ay yığılan üzvlük haqqının 65-faizdən az olmayan hissəsini ərazi, sahə həmkarlar ittifaqı komitələrinə köcürürlər.

8.6. Ərazi, sahə həmkarlar ittifaqı komitələrinin maliyyə fəaliyyəti üçün vəsaitin miqdarı və köçürülmə qaydaları tədbirlər planı nəzərə alınmaqla həmin komitələrin Plenumlarında təyin edilir. Bu halda ərazi, sahə həmkarlar ittifaqı komitələrinin xarci yığılan üzvlük haqqının 15 faizindən artıq olmamalıdır.

8.7. Sahələrarası həmkarlar ittifaqı orqanlarına və beynəlxalq həmkarlar ittifaqı birliklərinə ayırmaların məbləğini onlar üçün müəyyən edilmiş miqdarını və xüsusi vəsaitlərin artıqlığını nəzərə alaraq həmkarlar ittifaqının İcraiyyə Komitəsi müəyyən edir.

8.8. Yuxarı həmkarlar ittifaqı orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi üçün üzvlük haqqından ayırmaların müəyyən edilmiş məbləği bütün həmkarlar ittifaqı təşkilatları üçün vacibdir.

8.9. Yuxarı həmkarlar ittifaqı orqanlarına ayırmalardan sonra qalan vəsait, eləcə də digər mənbələrdən olan gəlirlər yuxarı həmkarlar ittifaqı orqanı ilə razılaşdırılmış və plenumda, yığıncaqda (konfransda) təsdiq edilmiş smeta əsasında ilk, ərazi, sahə həmkarlar ittifaqı komitələri tərəfindən istifadə edilir.

8.10. Həmkarlar İttifaqının bank hesabına daxil olan həmkarlar ittifaqı üzvlük haqları geri qaytarılmır.

8.11. Həmkarlar İttifaqı, özünün seçkili orqanı şəxsində (hüquqi şəxs) həmin Nizamnaməyə uyğun olaraq bina və qurğulara, mənzil fondlarına, torpaq sahəsinə, sanatoriya-kurort, idman-sağlamlıq və mədəni-maarif müəssisələrinin əmlakına, pul vəsaitlərinə, aksiyalara, fəaliyyətinin maddi təminatı üçün zəruri olan digər qiymətli kağızlara, əmlaklara sahibdir, onlardan istifadə edir və sərəncam verir.

8.12. Həmkarlar İttifaqının pul vəsaitindən, mülkiyyətindən istifadə etmək hüququ seçkili həmkarlar ittifaqı orqanlarına aiddir, həmin orqanların rəhbərləri zərurət olduqda, lakin ən azı ildə bir dəfə Həmkarlar İttifaqı üzvləri, öz komitəsi qarşısında hesabat verir və həmin vəsaitlərdən səmərəli istifadə etməyə görə məsuliyyət daşıyır.

8.13. Həmkarlar İttifaqı özünün seçkili orqanı şəxsində, Nizamnamənin məqsəd və vəzifələrinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada:

- öz vəsaitlərindən həmin Nizamnamədə nəzərdə tutulmuş maliyyə fəaliyyətini təmin etmək üçün istifadə edir, onları təsdiq edilmiş büdcəyə (smetaya) əsasən xərcləyir;

- müəssisələrini yaradır və maliyyələşdirir, təşkilatlar və cəmiyyətlərin təsisçisi kimi çıxış edir, həmkarlar ittifaqının məqsəd və vəzifələrinə cavab verən, qanunvericiliyinə zidd olmayan digər təsərrüfat, kommersiya, xarici-iqtisadi fəaliyyətlər həyata keçirir;

- banklarda pul vəsaitlərini saxlayır, qoyulmuş pul vəsaitlərindən faiz alır;

- konkret problemləri həll etmək, məqsədli proqramları maliyyələşdirmək və başqa məqsədlər üçün istənilən hüquqi və fiziki şəxslərlə, həmçinin xaricdə də müqavilə münasibətlərində çıxış edə bilər.

8.14. Həmkarlar İttifaqının həmraylik fondu (həmkarlar ittifaqının sex təşkilatlarına, ərazi komitələrinə maliyyə yardımı etmək üçün), kadrların hazırlanması, kütləvi informasiya vasitələri və digər fondları yarada bilər. Bu fondlar ilk, sahə ərazi həmkarlar ittifaqı təşkilatlarının üzvlük haqqı, müəssisənin, təşkilatın və ayrı-ayrı vətəndaşların xeyriyyəçilik və könüllü üzvlük haqqı, həmkarlar ittifaqının kommersiya fəaliyyətindən ayırmalar hesabına yaradılır.

Fondların formalaşması və xərclənməsi qaydası İcraiyyə Komitəsi tərəfindən təsdiq olunan fondlar haqqında Əsasnamə ilə müəyyənləşdirilir.

8.15. İlk həmkarlar ittifaqı təşkilatının, həmkarlar ittifaqı komitəsinin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti təftiş komissiyası və yuxarı həmkarlar ittifaqı orqanları həyata keçirir.