Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.
Yeni nəslin inkişafının əsas vasitəsi - gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir.
Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.
Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi bunun üçün əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılmışdır.
Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib:
- Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;
- İstedadlı gənclərə dövlət qayğısı;
- Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;
- Gənclərin məşğulluğunun təmin edilməsi;
- Gənc ailələrə dövlət yadımı;
- Gənclər təşkilatlarına dövlət yardımı.
2005-ci ildə Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın (2005-2009-cu illər) məqsədinə uyğun olaraq aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
- gənc nəslin Vətənə məhəbbət , Azərbaycan xalqının tarixinə. Mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması;
- gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması;
- gənclər arsında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi;
- istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması;
- gənclərin sahibkarlıq fəaliyyərinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi;
- sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərilməsi;
- gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi;
- ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması;
- gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsinə, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına köməklik göstərilməsi.
Azərbaycan Gənclərinin Forumları
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdir.
I-ci Forum - 2 fevral 1996-cı ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmişdir.
1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən cənab Heydər Əliyev 2 fevral -Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
II-ci Forum 1999-cu ildə Bakı şəhərində keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak edib.
III-cü Forum 13 oktyabr 2003-cü ildə Bakı şəhərində keçirilib.
IV-cü Forum 2005-ci ildə Bakı şəhərində keçirilib.