İlk səhifə » Gender siyasəti

ASTİRK –nin Gender bərabərliyi və qadın problemləri üzrə komissiyası haqqında Əsasnamə

(AHİK –in GBQP üzrə komissiyanın əsasnaməsi əsasında)


                      
Bu əsasnamə həmkarlar ittifaqları strukturlarında gender

bərabərliyi və qadın problemləri ilə məşğul olan komissiyaları

eyni mövqedən çıxış etməyə, fəaliyyətlərini məqsədyönlü və

səmərəli qurmağa yönəldir

 

  I Komissiyanın yaranmasının əsasları

Komissiya:
- Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının «Qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv olunması haqqında» Konvensiyasına qoşulmasına (1995-ci il), gender bərabərliyinə və qadınların vəziyyətinin yaxşılaşdırılmasına dair son illər ölkədə qəbul olunmuş qanun və fərmanlarına;

- gender bərabərliyi (kişi və qadınların bərabər hüquq və imkan azadlıqları) siyasətinin ölkəmizin ümumi inkişaf strategiyasına inteqrasiya olunmasına;

- mütəxəssislərin qənaətinə görə, gender bərabərliyi aspektləri araşdırılarkən bir sıra problemlərin məhz qadınların mənafelərinə daha çox təsir göstərdiyini və bununla əlaqədar qadın azadlıqları problemlərinə diqqətin artırılmasının vacibliyinə;

- ölkəmizdə qadın problemləri ilə məşğul olan yeni qadın cəmiyyətlərinin (dövlət və qeyri dövlət) yaranmasına;
- AHİK-in gender və qadın problemlərinə dair qəbul edilmiş sənədlərinə (14 mart 2001-ci il, ¹ 21b 4; 06 iyun 2002-ci il, ¹ 30 b 3; 23 iyun 2003-cü il, ¹ 2 b 3 qərarları) əsaslanaraq yaradılır:


II Komissiyanın yaradılmasının təşkilati prinsipləri


2.1. Həmkarlar ittifaqlarının gender bərabərliyi və qadın problemləri üzrə komissiyası (bundan sonra «komissiya» yazılacaqdır) sahə Respublika həmkarlar ittifaqlarının və onların üzv təşkilatlarının seçkili kollegial orqanlarının qərarı ilə, bu orqanların səlahiyyətləri müddətinə yaradılır (təsdiq edilir).

Sahə həmkarlar ittifaqı Respublika orqanı komissiyasının tərkibi üzv təşkilatların rəhbərlərindən və fəallarından, müəssisə və idarələrin həmkarlar ittifaqı təşkilatları komissiyasının tərkibi isə, bu təşkilatların əmək kollektivinin etimadını qazanmış fəal üzvlərindən təşkil olunur. Komissiya üzvlüyünə qadın və kişilər daxil olunur. Onların sayı işin həcminə görə, lakin 3 (üç) nəfərdən az olmayaraq, müəyyən edilir.

Komissiyanın tərkibinə bir qayda olaraq onu təsdiq edən seçkili orqanın üzvü daxil olunur və onun işinə rəhbərlik (sədrlik) edir.

2.2. Komissiya öz işində Azərbaycan Respublikasının Konstitusiyasını, qadın və kişilərin bərabər hüquq və imkan azadlıqlarını tənzimləyən, həmçinin d. qanunvericiliyi, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarını, qadın problemləri üzrə Milli Dövlət proqramlarını, AHİK-in gender və qadın problemlərinin həllində həmkarlar ittifaqlarının rolunu və yerini müəyyən edən sənədlərini rəhbər tutaraq, bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

2.3. Komissiya, onu təsdiq edən həmkarlar ittifaqı orqanına iş yerlərində gender bərabərliyi prinsiplərinin gözlənilməsi və qadınların sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində apardıqları işlərdə onlara köməklik göstərməsi üçün yaradılır. Bu məqsədlə, komissiya göstərilən problemlərə dair əməkçilərin tələbat və mövqelərini öyrənir, lazımı araşdırmalar apararaq müvafiq səviyyələrdə müzakirələr keçirilməsi və tədbirlər görülməsi barədə təkliflər hazırlayır, d. işlər görür.

 
III Komissiyanın fəaliyyətinin əsas istiqamətləri

Komissiya:
3.1. İş yerlərində gender bərabərliyinin gözlənilməsinə, cinsindən asılı olmayaraq bütün əməkçilərə (kişi və qadınlara) bacarıq və peşəkarlıqlarını həyata keçirmək üçün bərabər imkanlar və şəraitin yaradılmasına, onların sosial-iqtisadi maraqlarının təmin olunmasına nəzarət edir.

3.2. Müəssisə və təşkilatlarda, eləcə də ailəvi və kooperativ (fermer) təşkilatlarında, bütün iş yerlərində çalışan qadınların həmkarlar ittifaqı üzvlüyünə və həmkarlar ittifaqları hərəkatının möhkəmləndirilməsi prosesində fəal iştiraka cəlb olunmasına çalışır.

3.3. Həmkarlar ittifaqları ilə işəgötürən arasında saziş və kollektiv müqavilələr bağlanması prosesində iştirak edir, bu sənədlərə gender bərabərliyi aspektlərinə və qadınların mənafelərinin qorunmasına dair öhdəliklərin daxil olunmasına nail olur.

3.4. Müəssisə və təşkilatlarda, o cümlədən həmkarlar ittifaqı orqanlarında, qadın və kişilərin say nisbətinə uyğun olaraq qadınların rəhbər vəzifələrdə təmsil olunmasında paritetin gözlənilməsinə işəgötürəni sövq edir. Bu məqsədlə əmək kollektivlərində kişi və qadınlar üzrə ayrıca: işə qəbul olunanlar, işdən çıxarılanlar, vəzifəyə irəli çəkilənlər, peşə hazırlığı keçənlər, əmək haqqı artırılanlar və d. göstəricilər üzrə uçotun aparılmasına nail olur, vaxtaşırı bu göstəricilərin araşdırılmasını aparır, işəgötürənə və həmkarlar ittifaqı orqanına təkliflərini təqdim edir.

3.5. Həmkarlar ittifaqları təşkilatlarında tətbiq olunan, qadın və kişilərin vəziyyətini səciyyələndirən və «1 GS» forması üzrə illik statistik hesabatın keyfiyyətli doldurulmasını təmin edir, yuxarı təşkilata vaxtında təqdim olunmasını nəzarətdə saxlayır.

3.6. Gender bərabərliyi aspektləri, qadın hüquqları, ana və uşaqların mühafizəsinə dair dövlət siyasəti, atalıq və analıq şərəfinin qorunmasının vacibliyi və d. barədə geniş izahat işinin aparılmasına təşəbbüs göstərir, bu məqsədilə hüquqşünas məsləhəti günlərinin, mühazirələrin və s. tədbirlərin keçirilməsinə nail olur və onların təşkilində iştirak edir.

3.7. Qadın və uşaq əməyinin istifadəsi qadağan olunan iş yerləri siyahılarının müəssisə və təşkilatlarda əməkçilərin nəzərinə çatdırılmasına və bu qadağalara riayət olunmasına nəzarət edir.

3.8. Müəssisə və təşkilatlarda, o cümlədən həmkarlar ittifaqlarının bütün səviyyəli orqanlarında qəbul olunan qərarlarda və verilən sərəncamlarda gender bərabərliyinin, həmçinin qadın hüquqlarının gözlənilməsinə diqqət yetirir, lazım gəldikdə mövqeyini bildirir.

3.9. Müəssisə və təşkilatlarda əməkçilər arasında müxtəlif mövzular üzrə, o cümlədən iş yerlərində əməyin təşkili və əmək haqqının ödənilməsi, əməkçilərin həmkarlar ittifaqları tərəfindən müdafiə olunması, iş yerlərində gender bərabərliyinin təmin olunmasının vəziyyəti və s. dair anketləşdirmə (xüsusi blanklar üzrə sorğu) aparır, nəticələrini təhlil edir, yekunları barədə müvafiq həmkarlar ittifaqı orqanına məruzə edir.

3.10. Əməkçilərin (kişi və qadınların) cinsi mənsubiyyətinə görə təqib və ya haqsızlıq halları ilə əlaqədar və bu qəbildən olan digər şikayətlərini araşdırır, üzə çıxan pozuntular barədə həmkarlar ittifaqı orqanını və işəgötürəni məlumatlandırır, şikayəti doğuran səbəblərin aradan qaldırılmasına nail olur.

3.11. Həmkarlar ittifaqlarının istifadəsində olan mədəniyyət və idman obyektlərində gender bərabərliyini və qadınların imkan azadlıqlarını izah və təbliğ edən tədbirlərin, o cümlədən bu obyektlərdə əməkçilərin, onların uşaqlarının əl işləri sərgilərinin, idman yarışlarının, spartakiadaların, göstərilən problemlərə dair məruzələrin, «dəyirmi masa arxasında» müzakirələrin və s. keçirilməsi barədə təkliflər verir, onların təşkilində iştirak edir.

3.12. Həmkarlar ittifaqlarının seçki kampaniyası zamanı qadınların rəhbər vəzifələrə seçilməsi üçün onlara kişilərlə bərabər imkanlar yaradılmasına səy göstərir.

3.13. Sahə həmkarlar ittifaqı respublika orqanının komissiyası əlavə olaraq aşağıdakı işləri görür:

a) yerlərdə (üzv təşkilatlarda) adı çəkilən komissiyaların yaradılmasına və onların fəaliyyətə qoşulmasına köməklik göstərir. Vaxtaşırı bu komissiyaların işi barədə məlumatı dinləyir, müsbət iş təcrübəsinin yayılması barədə təkliflər verir.

b) dövlət və qeyri dövlət qadın təşkilatları ilə əlaqələr qürur, gender bərabərliyinə nail olması işində dünya ölkələri həmkarlar ittifaqı təşkilatlarının iş təcrübəsini öyrənir, bu məlumatların mətbu orqanları və s. vasitələrlə yayılmasına çalışır.

Əməkçilərin gender aspektləri üzrə biliklərinin artırılması üçün yüksək səviyyəli mütəxəssislərin cəlb olunması ilə müvafiq mövzular üzrə zona seminarlarının, treninq və d. tədbirlərin təşkilinə dair təkliflər hazırlayır və onların həyata keçirilməsində yaxından iştirak edir.

IV. Komissiyanın iş qaydası

4.1. Komissiya onu yaradan (təsdiq edən) həmkarlar ittifaqı orqanı ilə razılaşdırılmış iş planı üzrə fəaliyyət göstərir, onun tapşırıq və sərəncamlarını həyata keçirir, vaxtaşırı (ildə bir dəfədən az olmayaraq) müvafiq həmkarlar ittifaqı təşkilatının üzvləri qarşısında gördüyü işlər barədə məruzə edir.

4.2. Komissiyanın nəzərdə tutulan tədbirlərinin həyata keçirilməsi üçün maliyyə vəsaiti tələb olunduqda, məsələyə aidiyyəti olan həmkarlar ittifaqı orqanının (komissiyanı yaradan orqan) büdcəsindən, lazımı məbləğin əvvəlcədən smetaya daxil edilməsilə, həll olunur.

4.3. Komissiyanın işinə onun sədri rəhbərlik edir, yığıncaqları zəruri vaxtlarda keçirilir. Komissiyanın qərarları yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul olunur.

4.4. Həmkarlar ittifaqı orqanı işəgötürənlə birlikdə komissiyaya, işini qurmaq üçün lazımi şərait yaradır, münasib yer və müvafiq avadanlıq ayırırlar.

4.5. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir.

V. Komissiya üzvlərinin hüquqları


5.1. Komissiya üzvlərinin aşağıdakı hüquqları vardır:

- əmək kollektivinin köməyinə arxalanmaq, əməkçilərlə ünsiyyətdə olmaq, əsasnaməyə və iş planına uyğun olaraq tədbirlər qurduqda, onları bu tədbirlərdə iştiraka cəlb etmək;

- aparılan araşdırmalar və sorğularla əlaqədar müəssisənin (təşkilatın) bütün səviyyəli vəzifəli şəxsləri ilə görüşmək, onlardan tələb olunan məlumat və göstəricilər almaq (məxfi məlumat istisna olmaqla);

- saziş və ya kollektiv müqavilə müzakirə olunan iclas və konfranslarda iştirak etmək, sənədə dair mövqeyini bildirmək;

- üzə çıxarılan çatışmazlıqlar barədə həmkarlar ittifaqı orqanına və işəgötürənə məlumat vermək, pozuntuların aradan qaldırılmasına nail olmaq.